Qeyri-qanuni tullantı sahələri yığışdırılır Çap

İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində layihəyə cəlb edilmiş beynəlxalq məsləhətçi şirkət və “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən Bakı şəhərinin 8 rayonunda (Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ) hər birinin sahəsi 200 m2-dən çox olan 41 qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilmişdir. Aparılan hesablamalara əsasən, 160 hektara yaxın sahəni əhatə edən bu tullantı sahələrində 450 min tondan çox tullantı cəmlənmişdir.

Bu ilin avqust ayından başlayaraq qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə bağlı hazırlıq işləri görülmüş, tullantı sahələrinə baxış keçirilmiş, müvafiq İş Planı tərtib olunmuşdur.

Artıq qeyri-qanuni tullantı sahələrinin yığışdırılması və “Təmiz Şəhər” ASC tərəfindən zərərsizləşdirilməsi məqsədilə tullantıların Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınmasına başlanmışdır. Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığındakı qeyri-qanuni tullantı sahəsinin təmizlənməsi nəticəsində 20 min ton tullantının Balaxanı poliqonuna daşınması təmin edilmişdir. Tullantıların daşınması zamanı ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarına əməl olunmasına xüsusi diqqət yetirilir. Yaxın zamanlarda digər daha bir ərazidə – Xəzər rayonunda da qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi işlərinə başlanılacaqdır.

“Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində tullantılardan təmizlənmiş ərazilərin yenidən qeyri-qanuni tullantı sahəsinə çevrilməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülür.